CƏMİYYƏT
Binəqədi RİH, YAP Binəqədi rayon təşkilatı və “Xaliq Faiqoğlu” ərazi təşkilatı partiyanın 27-ci ildönümünü təntənəli qeyd etdi
Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı (“Xaliq Faiqoğlu” şirkəti) ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komitə sədri, YAP-ın idarə heyətinin üzvü Eldar İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, “Xaliq Faiqoğlu” şirkəti ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, partiya fəalları, media nümayəndələri və gənclər iştirak etdilər.
Tədbir Yeni Azərbaycan Partiyasının 27 illik tarixindən və YAP Binəqədi rayon təşkilatının iri layihələrindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamladı, partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən tədbirdə birgə iştirakdan məmnunluğunu bildirdi, hər kəsə təşəkkürünü bildirdi. R.Göyüşov tarixi, siyasi proseslərə nəzər salaraq qeyd etdi ki, bu partiya yenicə müstəqilliyinə qovuşmuş bir ölkənin yenidən parçalanmaq təhlükəsi qarşısında qaldığı bir zamanda ölkənin mütərəqqi fikirli insanlarının, ziyalılarının təşəbbüsü, Ulu Öndərin müdrikliyi sayəsində müxalifətdə ikən yaradıldı. Və çox qısa müddətdən sonra cəmi 7 aydan sonra hakimiyyətə gəldi və gəlişi ilə Azərbaycan tarixində yeni bir inkişaf dövrünün başlanğıcını qoydu. Bu gün də ümummilli lider Heydər Əliyevin ideyaları, siyasi kursu ölkəmizdə uğurla davam etdirilir və ölkəmizin bugünkü inkişafına şərait, gələcək inkişafına əsaslı zəmin yaradır. Rayon təşkilatının sədri, həmçinin dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi və sosial layihələrdən danışdı.
Milli Məclisin komitə sədri, YAP-ın idarə heyətinin üzvü Eldar İbrahimov 27 illiyi münasibətilə təşkil edilmiş təntənəli mərasimdə çıxışında vurğuladı ki, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. E.İbrahimovun sözlərinə görə, bu partiya fəaliyyət göstərdiyi 27 il ərzində daim dövlətlə, xalqla bir olub, həmrəylik nümayiş etdirib.
YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı (“Xaliq Faiqoğlu” şirkəti) ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 27 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Məhz bu səbəbdəndir ki, üzvlərinin sayı 700 mindən çox olan partiyamıza bu gün də axın davam etməkdədir.
Yekunda nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi. Qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edildi. Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olundu.
Tədbir bədii hissə və ziyafətlə davam etdirildi.