CƏMİYYƏT
Binəqədi gəncləri makro və mikro kreditlərin alınması üsulları barədə məlumatlandırılıb
Bakı, 15 fevral, AZƏRTAC
Binəqədi Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Makro və Mikro kreditin alınması üsullarının gənclər arasında təbliği” layihəsi çərçivəsində gənclər üçün təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə reallaşıb.
Layihə rəhbəri Həlimə Əliyeva iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verib, təlimdə verilən biliklərin gənclərin layihələrinin maliyyələşdirilməsi üçün kredit alma imkanlarını asanlaşdıracağını vurğulayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq proqramlar və layihələr sektorunun müdiri Arif Nəcimov gənclərin iqtisadi biliklərinin artırılması, makro və mikro kreditlərin alınması üsulları haqqında ətraflı məlumat verib.
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.