CƏMİYYƏT
Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olanlara qarşı əməliyyat tədbiri keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsi 43-cü polis bölməsinin əməkdaşları rayonun Binəqədi qəsəbəsinin müxtəlif məkanlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakinləri əvvəllər məhkum olunmuş Rövşən Əsədzadə və Kamil Quliyev saxlanılıb. Onların üzərinə baxış zamanı həmin şəxslərdən ümumi çəkisi 274 qram narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Rövşən Əsədzadə Abşeron Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olub.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.