İQTİSADİYYAT
Binəqədi şosesində yağış-kanalizasiya sistemi yenidən qurulur
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncama əsasən “Azəravtoyol” ASC “Azərsu” ASC ilə birgə kompleks tədbirlər həyata keçirir.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, bu tədbirlərdən biri də hazırda Binəqədi şosesində aparılır.
Binəqədi şosesi boyu səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 kilometr uzunluğunda yeni kollektor tikilib. Yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq.
Bundan başqa, 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyyətini itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı. Bunun qarşısını almaq üçün hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də görülür.
Yoldan səth sularının kənarlaşdırılması istiqamətində aparılan işlər imkan verir ki, intensiv yağıntılar zamanı yolun hərəkət hissəsinin su ilə dolmasının və nəticədə hərəkətin iflic olmasının qarşısı alınsın.
Həmçinin, su xətlərinin köhnəlməsi tez-tez yol boyu borularda sızmaların baş verməsinə gətirib çıxarırdı. Bu isə öz növbəsində yol örtüyünə ziyan vururdu. Bunun da qarşısını almaq məqsədilə yol boyu köhnə su xətləri ləğv edilərək 3 kilometr uzunluğunda yeni xətlər çəkilib. Eləcə də, yeni qaz xətləri çəkilərək, elektrik və rabitə xətləri yolun hərəkət hissəsindən kənarlaşdırılıb və yeniləri ilə əvəz olunub.
Qeyd olunub ki, yaxın günlərdə “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə bərpasına başlanılacaq və yolda tam müasir yol infrastrukturu yaradılacaq. İki gediş və iki gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.