İQTİSADİYYAT
Binəqədidə 15-dək küçə və yolda təmir-bərpa işləri görülür VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunun ərazisindəki qəsəbə yollarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması işlərinə başlanılıb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələ rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 May qəsəbələrinin 15-dək küçəsini və məhəllədaxili yolları əhatə edir. Belə ki, Binəqədi qəsəbəsində ümumi uzunluğu 6 kilometrdən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2,5 kilometr uzunluğa malik 5 küçə və məhəllədaxili yollarda hazırda təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kvadratmetr sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir.
Hazırda Binəqədi qəsəbəsində 1-ci mədən, 2-ci mədən və 3-cü mədən küçələrində, Rəsulzadə qəsəbəsində Zahid Qəmbərov, Aydınbəyov, Mahir Qədimov, Koroğlu və digər küçələrdə, Biləcəri qəsəbəsində isə Aşıq Şəmşir, Qafur Məmmədov, Xaqani, Xudadat bəy Məlikaslanov küçələri və digər yollarda təmir işləri aparılır. Sözügedən küçələr boyu işlər yekunlaşdıqca təmirə ehtiyacı olan digər yollarda da təmir-bərpa işləri həyata keçiriləcək. Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.