CƏMİYYƏT
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsulları istehsalı müəssisəsi aşkarlanıb
Bakı, 15 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə şəhərtipli qəsəbə, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd məhsulları istehsalı və emalı müəssisəsində yoxlama aparılıb.
İlkin baxış zamanı müəssisədə ticarət şəbəkələrindən qaytarılan son istifadə tarixi bitmiş, istehlaka yararsız məhsulların təkrar emaldan keçirilərək satışa çıxarıldığı məlum olub. Yoxlama zamanı polimer qablaşdırma materialların müşayiətedici sənədlərində birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, həmin qabların təkrar yuyularaq istifadə edildiyi aşkar olunub.
Keçirilən baxış zamanı üzərində heç bir etiketlənmə aparılmayan 6680 kiloqram süd məhsulu, həmçinin təkrar istifadə olunan 944 ədəd polimer qab və markalanma tələblərinə cavab verməyən 51,2 kiloqram etiket aşkarlanıb. Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.