ELM VƏ TƏHSİL
Biofizika İnstitutu əməkdaşlarının COVID-19-a dair araşdırmaları TƏBİB-in müalicə protokoluna daxil edilib
Bakı, 8 iyul, AZƏRTAC
AMEA-nın Biofizika İnstitutunun əməkdaşları - professor Tokay Hüseynov və biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyevanın ətraf mühit amillərindən birinin (Selenium statusu) COVID-19 genomunun bir hissəsi olan HIV/AIDS-in inkişafına və patogenliyinə təsiri barədə mövcud tədqiqatlar əsasında apardıqları araşdırmaları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə protokoluna daxil edilib.
Biofizika İnstitutundan-dan AZƏRTAC-a bildirilib ki, COVID-19 virusu ilə mübarizə metodlarının axtarışına yönəldilən tədqiqatların nəticələri göstərib ki, kimyəvi elementlərdən biri olan selenin (Se) insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılmış virus xəstəliklərinin inkişafına səbəb ola bilər.
Araşdırmalar zamanı məlum olub ki, COVID-19 virusuna qarşı həssaslıq və onun fəsadları orqanizmin selenlə təmin olunma dərəcəsindən ciddi şəkildə asılıdır. Natrium selenitin özü isə bu xəstəliyin müalicəsi zamanı səmərəli nəticə verir.