ELM VƏ TƏHSİL
Biofizika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu beynəlxalq jurnalda dərc edilib
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və həmin institutun kiçik elmi işçisi Aytac Quliyevanın italiyalı həmkarları ilə birgə “AMEA-CNR” beynəlxalq qrant layihəsi çərçivəsində həmmüəllifi olduqları məqalə "Thomson Reuters" beynəlxalq bazasında referatlaşdırılmış impakt faktorlu "Macromolecular Chemistry and Physics" jurnalında dərc edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalədə fibroin zülalı əsasında hazırlanmış təbəqələrin rodamin 6G lazer rənginin bərk cisim halında flüoressensiyasını artırdığı göstərilib. Həmçinin yüksək emissiyalı biomateriallar yaratmaq üçün fibroin-rodamin 6G qarşılıqlı təsirlərinin kimyəvi-fiziki təhlili aparılıb.
Qeyd edək ki, bu tədqiqatın aparılması Biofizika İnstitutundakı müasir cihazların vasitəsilə mümkün olub.