ELM VƏ TƏHSİL
Biologiya və tarix fənləri üzrə hazırlıq kurslarının sonuncu məşğələləri keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun üçüncü mərhələsinin (praktik) yekun məşğələləri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Məşğələlərdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar qəbul imtahanlarında istifadə edilən, cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Regionlardan olan iştirakçılar DİM-in müvafiq regional bölməsində kalibrləmə prosesindən keçəcəklər.
Müdavimlərə DİM-in sertifikatı təqdim ediləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.