ELM VƏ TƏHSİL
Biologiya və tarix fənləri üzrə imtahan modeli üçün tapşırıq nümunələri elmi-metodik baxımdan təhlil edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, biologiya fənni üzrə iclasın gündəlik məsələsi imtahan modeli üçün tapşırıq nümunələrinin elmi-metodiki baxımdan təhlili olub. Hər tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt-standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.
Tarix fənni üzrə iclasın gündəlik məsələsi avqustun 14-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi metodik baxımdan müqayisəli təhlili olub.
İclasda 30 tapşırıq (22 qapalı, cavabı kodlaşdırılan 5 açıq tapşırıq, cavabı yazı ilə ifadə olunan 3 mənbə tapşırığı, II ixtisas qrupu üzrə 61-90 saylı, III ixtisas qrupu üzrə 31-60 saylı) müzakirə edilib. Hər tapşırıq statistik göstəricilər əsasında mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt-standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə olunub.
İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirə zamanı abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Noyabrın 5-də müzakirələr davam etdiriləcək.