İQTİSADİYYAT
Bir ayda 13 mindən çox sığorta müqaviləsi bağlanmışdır
Bakı, 4 dekabr (AZƏRTAC). Noyabrda daşınmaz əmlakın icbari sığortası üzrə 13 min 058, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 269, sərnişinlərin fərdi qəza sığortası üzrə 8 sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə daxil olan sığorta haqları 1 milyon manatdan çox olmuşdur.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirmişlər ki, ümumilikdə yanvar-noyabr ayları ərzində bu üç icbari sığorta növü üzrə 103 min 779 müqavilə bağlanmışdır ki, bunlardan 98 min 765-ni daşınmaz əmlakın icbari sığortası, 4 min 741-ni daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və 273-nü sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələri təşkil etmişdir. Bu müqavilələr üzrə daxil olan sığorta haqlarının ümumi məbləği 12,3 milyon manat olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortasına dair müqavilələrinin sayında 11,8 faiz azalma, daxil olan sığorta haqlarının məbləğində 15,5 faiz artım, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə müqavilələrin sayında 4,1 faiz, daxil olan sığorta haqlarının məbləğində 14,15 faiz artım, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 24,3 faiz, daxil olan sığorta haqlarının məbləğində 11 faiz azalma müşahidə edilmişdir.