MƏDƏNİYYƏT
Bir il ərzində dünyada 980 milyon turist səfəri olmuşdur
Bakı, 11 yanvar (AZƏRTAC). 2011-ci ilin yekunlarına görə, dünyada 980 milyon turist səfərə çıxmışdır ki, bu da 2010-cu ilin göstəricisindən 4 faiz çoxdur.
2012-ci ildə bu göstərici 1 milyarda çatacaqdır.
Bu barədə Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Talib Rifai İspaniyanın EFE informasiya agentliyinin müxbiri ilə müsahibəsində məlumat vermişdir.
Rifainin sözlərinə görə, xüsusən Avropada və Şimali Amerikada iqtisadiyyatın, demək olar ki, bütün bölmələrinin qarşılaşdığı çətinliklərə və problemlərə baxmayaraq, 2011-ci il turizm üçün yaxşı il olmuşdur.
Bununla belə beynəlxalq turist səfərlərinin ümumi sayının artımı 2011-ci ildə UNWTO-nun ilkin proqnozundan 5 faiz az olmuşdur.
2011-ci ildə Avropada turizm səfərlərinin sayının artımı proqnozlaşdırıldığından yüksək olmuşdur, Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniya kimi ölkələrdə artım müvafiq surətdə 14, 13, 10 və 8 faiz olmuşdur.
UNWTO-nun baş katibi həmçinin 2012-ci ildə Avropada iqtisadi böhrana baxmayaraq, turizm sənayesinin 3 faizdən çox inkişaf edəcəyini və 2010-cu ilin göstəricilərindən 7 faiz yüksək olacağını gözləyir.