İQTİSADİYYAT


Bir ildə “Suraxanı” gəmi-muzeyini 2 mindən artıq xarici turist ziyarət edib

Bakı, 10 may, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin fəaliyyətə başlamasından bir il ötür. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə yaradılan “Suraxanı” tanker-muzeyi fəaliyyətə başladığı gündən ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən məkan kimi buraya üz tutan ziyarətçilərin rəğbətini qazana bilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, bir il ərzində muzeyi 47 min 450 qonaq ziyarət edib. Dünyanın ilk tanker-muzeyi yerli sakinlərlə yanaşı, turistlərin də marağına səbəb olub. Qeyd edilən dövrdə gəmi-muzeyə 2000-dən artıq xarici turist təşrif buyurub.

Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və onların ailə üzvləri, veteran dənizçilər “Suraxanı” gəmi-muzeyinə ödənişsiz və növbəsiz giriş hüququna malikdirlər. İndiyədək tanker-muzeyə bu kateqoriyadan olan 1500-dən çox ziyarətçi gəlib.

Ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeyi ziyarət etməklə qonaqlar Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola bilirlər.

“Suraxanı” gəmi-muzeyin ekspozisiyası günü-gündən zənginləşdirilir. Belə ki, muzeydə mövcud unikal interaktivlər təkmilləşdirilir, eksponatlar sırasına yeniləri daxil edilir.

Son bir il gəmi-muzeyi üçün həm də maraqlı elmi, mədəni, idman layihələri ilə də yadda qalıb. Onların sırasında muzeydə təşkil edilən “Xəzər Yelkənli Qayıqlar” idman klubunun sərgisi, “Dənizçi Günü” ilə bağlı mədəni tədbirləri xüsusi vurğulamaq lazımdır.

Tanker-muzeydə dənizçilik sahəsinin elmi-tarixi araşdırmasına da böyük diqqət ayrılır. Muzeyin “Naviqasiya və kommunikasiya” kolleksiyasına daxil olan “Devis” kvadrantı, “Mollo” qlobusu, xronometrlər kimi eksponatlar haqqında elmi-araşdırma nəşrləri hazırlanıb. Qeyd edək ki, muzeyin mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç mindən artıq eksponat qorunub saxlanılır.

Dənizçilik peşəsinin ziyarətçilərə daha asan və maraqlı üsulla çatdırılması məqsədilə “Suraxanı” gəmi-muzeyində innovativ yeniliklər tətbiq edilir. Muzeyin zallarında yerləşən artırılmış reallıq sistemləri, müasir interaktiv oyunlar, unikal 360 dərəcəlik ekran və digər müasir multimedia avadanlıqları qonaqların ekskursiyasını daha da maraqlı və unudulmaz etməyə hesablanıb. Reekspozisiya prosesi çərçivəsində muzeydə sadalanan oyun qurğuları yenilənib.

“Suraxanı” gəmi-muzeyinin əməkdaşları bu dövr ərzində dənizçilik tarixi, muzeyşünaslıq istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, təcrübələrini artırmaq məqsədilə müxtəlif tipli təlimlərə qatılıblar.

Qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolu oynayan “Suraxanı” gəmi-muzeyi qarşıdakı illərdə də ziyarətçilərinə bir-birindən maraqlı layihələr təqdim edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.