CƏMİYYƏT


Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST Agentliyində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib.

Nazir müavini 2020-ci il noyabrın 26-da Qanunla təsis edilən “Vətən Müharibəsi Qəhrəmanı” adının ölkəmizin ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunduğunu, dövlət başçısının 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini, 2020-ci il dekabrın 30-da imzaladığı Fərmanla onlara Prezidentin təqaüdünün (aylıq məbləği 2 000 manat) təsis edildiyini bildirib.

A.Kərimov bildirib ki, bu yüksək qayğının davamı olaraq, Prezident İlham Əliyevin 2021-ci il avqustun 25-də “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamına əsasən həmin kateqoriyadan olan şəxslərin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanılıb. Bu gün həmin vətəndaşlardan daha bir qrupu mənzillə təmin edilir.

Qeyd edilib ki, dövlət başçısının 2021-ci il yanvarın 25-də imzaladığı Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub. O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da həmin şəxslərin mənzil və fərdi evlə təminatı proqramının 2021-ci ildə 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. 2021-ci il üzrə artıq 1600, ümumən ötən dövrdə 11 minə yaxın mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Həmçinin bu il daha 100 avtomobil, indiyədək isə 7300-dək avtomobil müharibə əlillərinə verilib.

Vətən Müharibəsi Qəhrəmanları və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların ailə üzvləri dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmalarından razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən hərtərəfli qayğıya, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvləri DOST Agentliyinin 1 saylı DOST Mərkəzində fəaliyyət göstərən, şəhid ailələri və müharibə iştirakçılarına 7 qurum üzrə 26 xidmətin “bir pəncərə”dən təqdim edildiyi vahid əlaqələndirmə mərkəzi, burada göstərilən xidmətlərlə tanış ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.