ELM VƏ TƏHSİL
“Bir” tələbə-könüllüləri paracüdo üzrə beynəlxalq turnirə dəstək veriblər
Bakı, 15 may, AZƏRTAC
Heydər Əliyev adına İdman Sarayında keçirilmiş “IBSA Judo Gran-Prix Baku 2019” paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin təşkilinə Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri dəstək veriblər.
“Bir” tələbə-könüllü proqramından AZƏRTAC-a bildirilib ki, beynəlxalq turnirdə 90-dək “Bir” tələbə-könüllü tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “Bir” əlaqələndiricilər tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək verilib.
Beynəlxalq paracüdo yarışlarının hər bir hissəsində iştirakçılar “Bir” tələbə-könüllülərin dəstəyindən faydalanıblar. “Bir” tələbə-könüllülər bu yarışdan sonrakı iki gün ərzində də iştirakçıları müşayiət və onların yola salınması ilə əlaqədar fəaliyyət göstərirlər.
Tədbir üçün müraciət edən 350-dən çox tələbə-könüllü arasında xüsusi seçim və müsahibə mərhələsi olub. Seçilən tələbə-könüllülər üçün beynəlxalq turnirdən öncə təlim keçirilib.
Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.