SİYASƏT
Birinci qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir
Bakı, 17 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 60 manat müəyyən olunmuşdur.
Təsis edilən təqaüdün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilməsi müəyyən olunmuşdur.
Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.