İQTİSADİYYAT


Birinci rübdə Azərbaycanın ixracı 4,1 milyard dollar olub

Bakı, 29 aprel, AZƏRTAC

Birinci rübdə Azərbaycanın ixracı 4,1 milyard dollar, qeyri-neft sektoru üzrə ixracı 501,5 milyon dollar təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1 faiz olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların şaxələndirilməsi nöqteyi-nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon və ABŞ 18,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon dollar təşkil edib. Martda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (9,7 milyon ABŞ dolları) olub.

2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 milyon ABŞ dolları) üçüncü olub.

Birinci rübdə meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon, pambıq ipliyi ixracı 10,3 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı 9 milyon, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı 2 milyon dollar təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45 faizini təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.