ELM VƏ TƏHSİL
Birinci sinfinə şagird qəbulu ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün elektron sistem vasitəsilə qeydiyyat məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin I sinfə şagird qəbulu ilə bağlı keçirdiyi onlayn brifinqdə BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev söyləyib. O bildirib ki, alternativ qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Bununla bağlı işçi qrupu yaradılıb. Yaxın vaxtlarda ictimaiyyətə alternativ qeydiyyat mərkəzlərinin ünvanları və vatsap nömrələri barədə ətraflı məlumat veriləcək.