İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 778,1 milyon dollar investisiya qoyub
Bakı, 10 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri ((BƏƏ) tərəfindən Azərbaycan iqtisadiyyatına 778,1 milyon dollar, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə isə 284,4 milyon dollar investisiya qoyulub. Azərbaycanda BƏƏ-nin 255 şirkəti qeydiyyata alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı səfərlərin iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaratdığını qeyd edən nazir deyib: “İndiyədək ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclası keçirilib. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib. Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub, bağlanmış müqavilələr üzrə bir sıra məhsullarına ixracına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və digərsahələrdə əlaqələr uğurla davam edir”.