İDMAN
Birləşmiş Ərəb Əmirliklərinin “Gulf News” qəzetində Formula-1 haqqında məqalə dərc edilib
Bakı, 20 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Gulf News” qəzetində Formula-1 Avropa Qran-pri yarışı barədə məqalələr dərc olunub.
Azərbaycanın Dubaydakı baş konsulluğunun təşəbbüsü ilə dərc edilmiş məqalələrdə Formula-1 Avropa Qran-prisi haqqında ətraflı məlumat verilir. Məqalələrdə Qran-prinin ulduz elçisi Fernando Alonsonun Azərbaycandakı azarkeşləri ilə görüşdüyü, ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxdığı qeyd edilir. Ulduz elçinin “Sehrli ilmələr” qalereyasında və Heydər Əliyev Mərkəzində olduğu, “Dalğa Plaza”da azarkeşləri ilə görüşdüyü, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən ona təqdim edilmiş dağ velosipedi ilə Su İdmanı Sarayınadək qısa veloturda iştirak etdiyi diqqətə çatdırılır.
Yazılarda F.Alonsonun təəssüratlarına dair aşağıdakı fikirləri yer alıb: “Yenidən Bakıda olmaq möhtəşəm hissdir. Son səfərimdən bəri burada baş verən dəyişikliklər valehedicidir. Trek olduqca gözəl görünür. “Sehrli ilmələr” qalereyasını və Heydər Əliyev Mərkəzini ziyarət edərkən mən Azərbaycanın zəngin mədəniyyəti ilə tanış oldum. Velosipedlə şəhərdə gəzintim məndə gözəl təəssüratlar yaratdı”.