İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirliklərinin iş adamları Azərbaycanda yaradılan əlverişli şəraitdən yararlanmaqla fəaliyyətlərini genişləndirə bilərlərVİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Xarici şirkətlərin fəaliyyəti üçün Azərbaycanda əlverişli şərait yaradılıb. Birləşmiş Ərəb Əmirliklərinin iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətlərini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunda bildirilib.
Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib. Bildirilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb.
Rüfət Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını ölkəmizdə yaradılmış investisiya imkanlarından yararlanmağa və azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Exports” təşkilatının icraçı direktorunun müavini Məhəmməd Əli Əl Kamali bu gün keçirilən növbəti biznes forumun iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Birləşmiş Ərəb Əmirliklərində iş adamları üçün yaradılmış biznes imkanları və investisiya mühiti barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. Biznes forum iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib, əməkdaşlığın genişləndirilməsində iş adamlarının rolunu qeyd edərək, hər iki ölkə sahibkarlarını daha sıx əməkdaşlığa dəvət edib.
Tədbirdə AZPROMO-nun nümayəndəsi Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
Tədbirin ilk günü iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.
Forumun ikinci günündə bir sıra Azərbaycan şirkətlərinin təqdimatı keçiriləcək, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti istehsal və xidmət müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.