DÜNYA
Birləşmiş Ştatların gündəlik neft hasilatı 11,7 milyon barrel səviyyəsindədir
Bakı, 29 dekabr, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 99 min barrel artaraq sutkada 11,7 milyon barrel təşkil edib. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı Alyaskada 1000 barrel azalıb, digər ştatlarda isə 100 min barrel çoxalıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 50 həftənin 40-da artım qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 233 min barrel artaraq gündəlik 7,66 milyon barrelə çatıb. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 644 min barrel çoxalaraq sutkada 2,97 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük neft istehsalçısı ola bilər.
EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.