ELM VƏ TƏHSİL
“Birlikdə qazanılmış qələbə. Faşist Almaniyası və onun müttəfiqləri üzərində qələbədə Azərbaycanın rolu” mövzusunda konfrans
Bakı, 11 mart, AZƏRTAC
“Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondu, Rusiya Xeyriyyəçilik Fondu və Bakı Slavyan Universiteti (BSU) “Birlikdə qazanılmış qələbə. Faşist Almaniyası və onun müttəfiqləri üzərində qələbədə Azərbaycanın rolu” mövzusunda Rusiya-Azərbaycan konfransı keçirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondu Azərbaycan filialının rəhbəri Rauf Həsənov konfransın mahiyyətindən, rəhbərlik etdiyi qurum ilə BSU arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışıb.
Universitetin rektoru, professor Asif Hacıyev konfransın məhz Bakı Slavyan Universitetində keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Rektor bildirib ki, alman faşizmi üzərində qələbə keçmiş SSRİ-nin bütün xalqlarının qələbəsidir. Bakı Slavyan Universiteti bu gün müharibə dövründə mövcud olan “xalqlar dostluğu” ənənəsini yaşadır. Hazırda Azərbaycanda 300 rusdilli məktəb fəaliyyət göstərir. Rus dili və ədəbiyyatının tədrisi, mədəniyyətinin mənimsənilməsi, Rusiya tarixinin öyrənilməsi ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. A.Hacıyev İkinci Dünya müharibəsi dövründə minlərlə azərbaycanlının qələbə uğrunda döyüşə atıldığını, onların həm də milli ideya və azadlıq yolunda mübarizə apardıqlarını vurğulayıb.
“Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondunun rəhbəri Valeri Tursunov belə tədbirlərin iki ölkə arasındakı siyasi, mədəni əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.
Konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq İqtisad Universiteti, Rusiya Strateji Araşdırmalar İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və BSU-nun nəzdindəki Məktəb-Lisey Kompleksin nümayəndələri Böyük Vətən müharibəsində Azərbaycanın rolu ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Respublika Veteranlar Şurasının üzvü Georgi Zapletinin “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının təqdimatı da olub.