CƏMİYYƏT
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Bakı, 6 noyabr, AZƏRTAC
IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 6-da “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 11 ünvanında 600 nəfərə yaxın sakinin məskunlaşdığı beşmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.
Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 6 500 kvadratmetr sahəsi olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib, idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olma vərdişlərinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib, 600 kvadratmetrə yaxın ərazidə yaşıllıq zolağı salınıb. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin şəbəkəsinə qoşulub.
Qeyd edək ki, “Bizim həyət” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Xətai rayonunda sakinlərin istifadəsinə verilən həyət layihə çərçivəsində abadlaşdırılan yeddinci həyətdir.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.