CƏMİYYƏT
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçiriləcək
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2022-ci il mayın 26-da saat 11:00-da video-konfrans formatında növbəti iclası keçiriləcək.
Tədbirdə işçi qrupun 2022-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin daha operativ və kompleks şəkildə icrasının təmin edilməsi, Fəaliyyət Planından irəli gələn müvafiq vəzifələrin müəyyənləşdirilməsi, habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərə dair müvafiq təkliflərin irəli sürülməsi məsələlərinə dair müzakirələrin aparılması planlaşdırılır.
Qeyd edilməlidir ki, özəl sektor nümayəndələri qeyd olunan görüşdə iştirak edərək iclasın gündəliyinə daxil olan məsələlər üzrə müvafiq təkliflər vermək imkanına malikdirlər.