İQTİSADİYYAT


Bölgələrdə inşa edilən xalça istehsalı emalatxanalarının və tədarük məntəqələrinin tikintisinə baxış olub

Bakı, 14 sentyabr, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il fəaliyyətə başlaması nəzərdə tutulmuş filiallarının binalarında tikinti-quruculuq işləri sürətləndirilir. Hazırda Bakı şəhərinin Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Biləsuvar rayonunda Cəbrayıldan məcburi köçkün düşmüş insanların məskunlaşdığı ərazidə xalça istehsalı emalatxanaları tikilir. Lənkəran şəhərində inşa edilmiş xalça istehsalı emalatxanası isə istifadəyə hazırdır. Bundan başqa, xalça fabriklərinin xammalla təchizatı üçün regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır.

“Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Vidadi Muradov Abşeron, Qobustan, Şabran və Kürdəmir rayonlarında inşa olunan xalça istehsalı emalatxanası binalarında tikinti işlərinin gedişi ilə maraqlanıb.

Abşeron rayonunun Qobu qəsəbəsində tikilən xalça istehsalı emalatxanasına baxış zamanı məlumat verilib ki, binada hörgü işləri, hasarın tikintisi başa çatdırılıb. Hazırda binanın kommunikasiya xətləri çəkilir. Yaxın günlərdə ərazidə abadlıq işlərinə başlanılacaq.

Baxış zamanı tikinti işlərinin sürətləndirilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verilib.

Qobustan şəhərində inşa olunan emalatxana binası ilə tanışlıq zamanı məlumat verilib ki, binada əsas tikinti işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda kommunikasiya xətləri çəkilir, havalandırma sistemi quraşdırılır.

Ölkəmizdə yaradılan beş regional yun və boyaq bitkilərinin qəbulu məntəqəsindən biri Qobustanda fəaliyyət göstərəcək. Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu və topladıqları boyaq bitkilərini buradakı tədarük məntəqəsinə verəcəklər. Tədarük məntəqəsində tikinti işləri sürətlə davam etdirilir.

İdarə Heyətinin sədri Qobustan rayonunun iqlim şərtləri nəzərə alınaraq, ərazidə abadlıq işlərinin qısa zamanda başa çatdırılmasının zəruriliyini bildirib.

Həmin gün Şabran rayonunda xalça istehsalı emalatxanası və regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi üçün tikilən binalara da baxış olub. Bildirilib ki, hər iki binada tikinti işləri sürətlə davam etdirilir. Xalça istehsalı fabrikinin binasında hörgü və suvaq işləri tamamilə başa çatdırılıb. Hazırda binanın kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər aparılır, toxuculuq emalatxanasında havalandırma sistemi quraşdırılır və digər işlər həyata keçirilir.

İdarə Heyətinin sədri xalçaçılığın özünəməxsus sahə olduğunu, xalça fabriklərinin digər istehsal müəssisələrindən tamamilə fərqləndiyini bildirib, belə müəssisələrin havalandırma sisteminin quraşdırılmasına ciddi diqqət yetirilməsinin vacibliyindən danışıb. Qeyd olunub ki, əgər xalça fabriklərinin havalandırma sistemi düzgün qurulmazsa, bu, toxunan xalçaların keyfiyyətinə və toxucuların sağlamlığına öz mənfi təsirini göstərə bilər.

Məlumat verilib ki, Şabranda inşa olunan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində də işlər sürətlə davam etdirilir. Tədarük məntəqəsində metal konstruksiya işləri görülür, inzibati bina inşa olunur.

Kürdəmir rayonunda tikilən xalça istehsalı emalatxanasında da əsas tikinti işləri yekunlaşdırılıb. Hazırda binanın daxilində kommunikasiya xətləri çəkilir, fasad kərpiclə üzlənir, həyətdə abadlıq işləri aparılır, nəzarət-buraxılış məntəqəsi tikilir.

Baxış zamanı burada tikinti işlərinin noyabr ayının sonuna qədər başa çatdırılması haqqında tapşırıqlar verilib.

Qeyd edək ki, xalça istehsalı emalatxanaları və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri “EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilir. Emalatxana binalarının kərpiclə üzlənməsini isə "Fəxrəddin-K" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.

Xalça istehsalı emalatxanalarının hər birində 150 toxucu işlə təmin olunacaq. Bunun üçün "Azərxalça" həmin şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.