MƏDƏNİYYƏT
Bölgələrdə müxtəlif mədəni tədbirlər təşkil olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərəfindən Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) Tərtər rayon Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşa rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Şəki RMİ Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkil etdikləri “Ümid-2022” incəsənət və rəqs müsabiqəsinin qalibi və laureatı adını qazanıblar. Müsabiqənin yekunlarına görə, məktəbin “Zəfər” ansamblı qarışıq alətlər nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Solo yarışmada məktəbin tar şöbəsinin 4-cü sinif şagirdləri İbrahim Mustafayev 1-ci, Məhəmməd Yusifov 2-ci, fortepiano şöbəsinin 3-cü sinif şagirdi Elnur Pirməmmədli 2-ci yer tutaraq medallarla təltif olunublar.
İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “İlboyu bilik” layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlim “Kompüter texnologiyası və kargüzarlıq işi” üzrə keçirilib. Könüllü təlimçi Nigar Nağıyeva gənclərə proqramlar üzrə bilgilər verib.
Sabirabad RMİ və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan Dövlət Kukla Teatrı tərəfindən Sabirabad rayon Mədəniyyət Mərkəzində “Çal-oyna” nağıl-tamaşası nümayiş olunub. Şair-dramaturq İsgəndər Coşqunun qələmə aldığı mənzum nağıl-pyes əsasında hazırlanan tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılanır. Səhnə əsərinə Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova quruluş verib, quruluşçu rəssam Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Təzahür Mehdiyevdir.
Sumqayıt RMİ Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri də “Ümid 2022” incəsənət müsabiqəsində uğur qazanıblar. Aysu Məmmədzadə 1-ci, Ayla Pənahova, Səid Vəlizadə 2-ci, Atilla Quliyev, İnci Vəlizadə isə 3-cü yerə layiq görülüblər.
Ucar rayonunun Ramal kəndində Birinci Qarabağ müharibəsində şəhid olan Etimad Məmmədovun xatirəsinə tikilən bulağın açılış mərasimi keçirilib. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər. Çıxış edənlər Etimad Məmmədovun şərəfli döyüş yolundan danışıb, onun elə-obaya bağlı cəsur bir insan olduğunu söyləyiblər.