CƏMİYYƏT
Bölgələrdə qeydiyyatda olan şəxsləri qeyri-qanuni yollarla Bakıya gətirən sürücülər həbs ediliblər VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına zidd olaraq, rayon qeydiyyatında olan şəxsləri bölgələrdən qeyri-qanuni yollarla Bakıya gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulublar.
Araşdırma zamanı Hafiz Ağayevin və Elçin Əliyevin sərnişinləri əvvəlcədən razılaşdıqları kimi, Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürdükləri müəyyən olunub. Burada isə sərnişinlər Şərkan Kamalovun və Şamo Kamilovun idarə etdikləri mikroavtobuslara mindirilərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirilib.
Faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.