ELM VƏ TƏHSİL
Bolonya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar işə başlamışdır
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-də “Excelsior” hotelində Təhsil Nazirliyi (TN) və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Bolonya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı (Aİ) TAİEX proqramı çərçivəsində keçirilən seminara quruma üzv ölkələrdən, o cümlədən Belçika, Finlandiya, İsveç və İtaliyadan 5 beynəlxalq ekspert dəvət olunmuşdur.
Ali təhsil müəssisələri prorektorlarının, doktorantura şöbələri müdirlərinin iştirak etdikləri seminarda təhsil naziri Misir Mərdanov bildirmişdir ki, seminarın əsas məqsədi Aİ ölkələrində və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi üzrə proqramların konsepsiyasını və prosedurlarını Bolonya prosesinin təklifləri və tələbləri çərçivəsində müzakirə etməkdir. Eyni zamanda, fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələr tərəfindən qazanılan təcrübə və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin də müzakirə edilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılmışdır ki, Təhsil Nazirliyi 2009-cu ildən Aİ-nin Tvinninq və TAİEX proqramlarında iştirak edir. Bu günədək TN tərəfindən bu proqramlar üzrə 10-dan artıq layihə təqdim olunmuşdur. Nəticədə 2 Tvinninq və 4 TAİEX layihəsi qazanılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik Arif Həşimov “Fəlsəfə doktoru elmi dərəcəsinin milli konsepsiyası” və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov “Azərbaycanda doktorluq dissertasiyalarının hazırlanmasına qoyulan tələblər və elmi dərəcələrin verilməsi prosedurları” mövzularında məruzə ilə çıxış etmişlər.
Seminarda, həmçinin professor Jan De Groofun (Belçika), “Aİ ölkələrində fəlsəfə doktoru elmi dərəcəsinin konsepsiyası”, Lennart Stahlenin (İsveç) “Fəlsəfə doktoru elmi dərəcəsinin Aİ ölkələri universitetlərində qəbul edilməsi: müxtəlif siyasətlər və prosedurlar” mövzusunda məruzələri dinlənilmiş, ekspertlər şərhlər vermişlər.
Tədbirdə çıxışlar olmuş, suallar cavablandırılmışdır.
Seminar işini fevralın 22-də başa çatdıracaqdır.