SİYASƏT
Bolqarıstan ictimaiyyətinə Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurlar barədə məlumat verilib VİDEO
Sofiya, 20 oktyabr, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar Bolqarıstan Teleqraf Agentliyinə videomüsahibə verib.
Səfir 18 oktyabr – Müstəqillik Gününün Azərbaycan xalqı üçün əlamətdar gün olduğunu bildirərək 1991-ci ilin həmin günündə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə tariximizdə yeni səhifənin açıldığını söyləyib. O, həmin Konstitusiya Aktının Azərbaycan Respublikasını 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə suveren demokratik dövlətçiliyimizi bərpa etdiyini vurğulayıb. Diplomat müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi uğurlu inkişaf yolundan bəhs edib.
Müstəqilliyin ilk illərində ölkəmizin bir çox daxili və xarici təhdidlərlə üzləşdiyini vurğulayan səfir 1992-1993-cü illərdə ölkədə daxili siyasi mübarizənin və iqtisadi böhranın hökm sürdüyünü qeyd edib. Diplomat Ermənistanın hərbi təcavüzü, ölkə ərazisinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə vəziyyətin kəskinləşdiyini söyləyib. Vurğulayıb ki, o dövrdə Azərbaycan adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəriciyə malik olub.
Azərbaycan xalqının təkidli çağırışı ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışının tariximizdə dönüş nöqtəsi olduğunu vurğulayan səfir Azərbaycanın üzləşdiyi təhdidlərin aradan qaldırılmasında Ulu Öndərin həlledici rol oynadığını diqqətə çatdırıb. O, Ümummilli Lider tərəfindən irəli sürülən islahatların Azərbaycanın siyasi və iqtisadi transformasiyasına şərait yaratdığını deyib. Səfir 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbul olunduğu, ölkədə geniş iqtisadi islahatların həyata keçirildiyi barədə də məlumat verib.
Heydər Əliyev tərəfindən irəli sürülmüş neft strategiyası əsasında ölkənin iqtisadi siyasətinin formalaşdığını söyləyən N.Qurbanova 1994-cü il sentyabrın 20-də beynəlxalq şirkətlərlə “Əsrin müqaviləsi”nin imzalanmasının Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq bazara çıxarılmasında ümdə rol oynadığını qeyd edib.
N.Qurbanova 2003-cü ilin oktyabr ayında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirildiyini bildirib. O, Heydər Əliyevin prezidentliyinin xalqın birləşdirilməsi, İlham Əliyevin prezidentliyi dövrünün isə dövlətin modernləşdirilməsi kimi xarakterizə olunduğunu qeyd edib. Bakının mühüm regional və qlobal məsələləri müzakirə etmək üçün aparıcı beynəlxalq platformalardan biri olduğunu bildirən səfir ölkəmizin çoxsaylı mədəniyyət və idman yarışlarına ev sahibliyi etdiyini bildirib. O deyib ki, son 13 il ərzində ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb, ölkə iqtisadiyyatına 100 milyard dollardan çox vəsait yatırılıb, Azərbaycan Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətlilik hesabatında MDB məkanında birinci, dünyada isə 37-ci yerdə qərarlaşıb.
2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olduğunu vurğulayan səfir Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri kimi transregional enerji layihələrinin həyata keçirildiyini və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inşasına başlanıldığını qeyd edib. O, Azərbaycan hökumətinin milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun təşviqinə və regionların inkişafının dəstəkləməsinə başladığını bildirib, kənd təsərrüfatı, turizm, nəqliyyat və informasiya-kommunikasiya sahələrinin perspektivli sahələr olduğunu söyləyib.
Son illər Azərbaycanın fəal xarici siyasət yürütdüyünü qeyd edən səfir ölkəmizin BMT, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirdiyini, mədəniyyətlərarası dialoq, multikulturalizmin və tolerantlığın təbliğində mühüm rol oynadığını söyləyib.
Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayan səfir iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O deyib ki, 2017-ci ildə Bolqarıstanla diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd ediləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya