ELM VƏ TƏHSİL
“Boston Dynamics”in robotları bir-birinə kömək etməyi öyrənib
Bakı, 17 fevral, AZƏRTAC
“Boston Dynamics” şirkətinin dördayaqlı “SpotMini” robotu öz “qohumlarına” kömək etməyi öyrənib. “Əlsiz” mexanizmlər “pəncələrin” – manipulyatorun vasitəsilə qapının dəstəyindən tutaraq onu açmağı bacaran digər robotu köməyə çağıra bilir.
Qeyd edək ki, “Boston Dynamics” şirkəti ABŞ–ın Massaçusets Texnologiya İnstitutunun keçmiş professoru Mark Raybert tərəfindən 1992-ci ildə yaradılıb. Şirkətin robotları diribaşlıq, tarazlığı saxlama və dözümlülük qabiliyyətləri göstərərək “YouTube”da məşhurluq qazanıblar.
Ötən ilin sonunda şirkət “SpotMini”nin metal “ayaqları” olan və “bədəni” zərif plastik panellərlə örtülmüş təkmilləşdirilmiş modelini təqdim edib.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, bu robotlar elektrik mühərrikləri vasitəsilə hərəkətə gətirilir. Onun bəzi növləri ilan başını xatırladan uzun “qısqacla” təchiz edilib. Manipulyator “SpotMini”nin əşyaları tutmasına və yerini dəyişdirməsinə imkan verir.