ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşının rəhbərliyi ilə yerinə yetirilən layihə bürünc medala layiq görülüb
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda təcrübə keçmiş Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Aliyə Əliyeva və Yusif Sərhanbəyli-Quliyev “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Ekologiya” nominasiyası üzrə III yerə layiq görülüblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şagirdlərin müsabiqəyə təqdim etdikləri “Yosunların sututarlarında neft və neft məhsullarını təmizləməsi” mövzusunda elmi iş alqologiya və lixenobriologiya laboratoriyasının müdiri Şəkər Muxtarovanın rəhbərliyi ilə yerinə yetirilib. Şagirdlər Xəzər dənizinin Bakı buxtasında neftlə çirklənmiş ərazidən götürdükləri nümunələr üzərində alqofloranın təyinatını aparıb, yosunların növ tərkibini öyrənib və neftlə çirklənməyə qarşı tolerant növləri təyin ediblər.