DÜNYA
Böyük Britaniya Avropa İttifaqını tərk etmək üçün 60 milyard avro ödəməli olacaq
Bakı, 17 noyabr, AZƏRTAC
Böyük Britaniya Avropa İttifaqını tərk etmək üçün 40 milyard avrodan 60 milyard avroyadək ödəməli olacaq.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, xüsusilə, London Aİ-nin büdcəsində “Brexit” nəticəsində meydana gələn maliyyə boşluğunu doldurmalı olacaq.
“Financial Times”in məlumatına görə, bu məbləğə Böyük Britaniyada pensiya və büdcə öhdəlikləri, layihələrə zəmanət və kreditlər üzrə xərclər daxildir. Həmçinin əgər ölkə keçid dövrünü tələb etsə, uzun illər ərzində Aİ-də büdcə haqlarını ödəməli olacaq.
Avropa Komissiyasının adından danışıqlara başçılıq edən Mişel Barne Böyük Britaniyadan bu maliyyə boşluğunu doldurmağı tələb edəcək. Bundan başqa, avropalı danışıq aparanlar hələlik Böyük Britaniya üçün keçid dövrünü və ya ticarət əqdlərini müzakirə etmək istəmirlər. Bu məsələyə dair saziş 2018-ci ilin ortalarına kimi əldə olunmalıdır.
Britaniyanın “Royal Bank of Scotland” bankının başçısı Hovard Devis əvvəllər xəbərdarlıq edib ki, əgər Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”dən sonra məqbul keçid planını təmin etməzsə, banklar Londonu tərk edə bilər. Onun sözlərinə görə, ABŞ və Yaponiya bankları “Brexit”in sərt perspektivindən çox narahatdır və gözlənilməz hallar üçün planlar qururlar.