SİYASƏT
Böyük Britaniya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə məlumatlandırılıb
London, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktı, eləcə də Gəncə şəhərinə raket zərbəsi endirməsi ilə əlaqədar Britaniyanın aparıcı KİV-ləri, o cümlədən “BBC”, “Independent”, “NewStatesman”, “Financial Times” kimi qəzetlərin müxbirləri və münaqişə üzrə ekspertlərin iştirakı ilə videobrifinq keçirib.
AZƏRTAC xəbər verir ki, brifinqdə səfir oktyabrın 10-da Moskvada Ermənistan Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq, oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığını bildirib. O qeyd edib ki, hücum nəticəsində 10 mülki şəxs həlak olub, aralarında azyaşlılar olmaqla 34 nəfər yaralanıb. Səfir Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin, o cümlədən səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazilərə baş çəkdiyi barədə məlumat verib.
Görüş zamanı səfir müxbirlərin Türkiyənin Azərbaycana dəstəyi, Britaniyanın davamlı atəşkəsin əldə edilməsində oynaya biləcəyi rol, Dağlıq Qarabağın işğaldan azad ediləcəyi halda Azərbaycanın dinc-yanaşı yaşamanın təmin olunması üçün hansı addımları atacağı ilə bağlı və digər suallarını cavablandırıb. Diplomat deyib: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əlaqələr var, lakin bu mübarizədə Türkiyə Azərbaycana yalnız diplomatik, siyasi və mənəvi dəstək verir”.
Səfir söyləyib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal edib, həmin ərazilərdə etnik təmizləmə aparıb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 823, 854, 874, 884 saylı qətnamələri bu günədək yerinə yetirilməyib. “Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü təmin etmək, qaçqın və məcburi köçkün əhalinin öz yurduna qayıtmasıdır. Əsas məsələ müharibə deyil, sülhü qazanmaqdır”, - deyə səfir bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London