İQTİSADİYYAT
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycanın Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasındakı çıxışında KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın belə istiqamətlərdən olduğunu qeyd edib.
“Ölkələrimiz arasında ticarət strukturunun zənginləşdirilməsi və bunun qeyri-neft sektoru üzrə məhsullar hesabına reallaşdırılması məqsədəuyğun olardı. Hər iki ölkədə mövcud sərmayə və ticarət imkanlarının araşdırılması, qarşılıqlı investisiya qoyuluşlarının, ticarət və biznes əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə biznes forum, sərgi kimi birgə tədbirlərin təşkili, ixracqabiliyyətli məhsullara dair məlumat mübadiləsi əhəmiyyətlidir. Bununla yanaşı, texnologiyaların mübadiləsi, birgə innovativ layihələrin həyata keçirilməsi hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri üçün maraqlı ola bilər”, - deyə o vurğulayıb.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində O.Məmmədov Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Departamenti, Ticarət və Sənaye Məsələləri Nazirliyinin tabeliyində İxrac Kreditlərinə Zəmanət Departamentində görüşlər keçirib. Bu görüşlərdə kiçik və orta sahibkarlıq sahəsində mümkün ikitərəfli əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.