CƏMİYYƏT
Böyük Britaniyada yaşayan azərbaycanlı qadınlar Vestminster dairəsinin polis zabiti ilə görüşüblər
London, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində Britaniyada yaşayan Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkil etdiyi “Ruhlandıran qadınlar” tədbirinin qonağı olan Vestminster dairəsinin polis zabiti Nərgiz Məmmədova ilə görüş keçirilib.
Tədbir gender bərabərliyi və qadın zorakılığına qarşı mübarizə məsələlərinə həsr olunub.
Görüşdə assosiasiyanın təsisçisi Ülviyə Tağızadə Nərgiz Məmmədovanın tədbirə dəvət edilməsinin təsadüfi olmadığı bildirib. Qeyd edib ki, polis zabiti olan həmvətənimizin hekayəsi onlara çox maraqlı görünüb: “Zərif qızın özünə ənənəvi kişi peşəsini seçməsi özlüyündə artıq çağırışdır. Bundan başqa, Nərgiz böyük vətənpərvərdir və London ictimaiyyətinin Azərbaycan haqqında məlumatlandırılmasına həsr olunan tədbirlərdə fəal iştirak edir”.
Diqqətə çatdırılıb ki, Nərgiz Məmmədova 10 ildən artıqdır Londonda yaşayır və işləyir. O, təkcə qeyri-adi peşəsi ilə fərqlənmir. Soydaşımız Liverpul Houp Universitetində biznesin idarəolunması ixtisası üzrə magistr dərəcəsinə malikdir və köləliyin müasir formalarına qarşı mübarizə məsələlərində ekspertdir.
Tədbir zamanı N.Məmmədova ailə zorakılığının qurbanlarına kömək etməyin yollarından, müəyyən ehkam və damğaların təsiri altına düşmədən hər bir hala obyektiv yanaşmağın vacibliyindən danışıb. Tədbir çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London