CƏMİYYƏT
Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisinə Azərbaycan Tibb Universitetinin yubiley medalı təqdim olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub, rektor və rəhbər şəxslərlə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, görüş zamanı rektor, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi, təhsil və tədris prosesinin quruluşu, eyni zamanda, universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib. Universitetin həm elmi-tədqiqat, həm də tədris sahəsində fəaliyyəti barəsində ətraflı məlumat verən rektor Azərbaycan və Böyük Britaniya ölkələri arasında bir sıra strateji istiqamətlər, o cümlədən tibb təhsili sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışıb. O, Tibb Universitetinin İngiltərədəki təhsil müəssisələri ilə münasibətlərinin yüksəlməsində maraqlı olduğunu bildirib.
Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə, o cümlədən səhiyyə sahəsində mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib. O, qeyd edib ki, tibbi təhsil sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, uğurla inkişafı üçün klinik və elmi tədqiqatlar, həmçinin kadr mübadiləsinin təşkili böyük əhəmiyyət kəsb edir.
Görüşün sonunda Baronessa Emma Nikolsona milli xatirə hədiyyəsi və universitetin 80 illik yubiley medalı təqdim olunub.
Fəxri qonaqlar, həmçinin Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neanotologiya, mama-ginekologiya, reanimasiya şöbələrini gəzib, xəstələrin müalicəsi üçün istifadə edilən müasir avadanlıqlarla tanış olub, müalicə proseslərini izləyiblər. Bununla yanaşı, klinikanın Tədris Treninq Mərkəzində tələbələrin təlim keçməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlar Tədris Cərrahiyyə Klinikasında xəstələrin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılan şəraitin dünya standartlarına uyğun səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər.