SİYASƏT
Böyük Britaniyanın “Exeter” Universitetində Novruz şənliyi təşkil edilmişdir
Bakı, 24 mart (AZƏRTAC). Böyük Britaniyada fəaliyyət göstərən “Ekzeter Azərbaycan Cəmiyyəti” bu ölkənin “Exeter” Universitetində Novruz bayramı münasibətilə mərasim təşkil etmişdir.
Cəmiyyətdən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, tədbirdə 23 ölkədən 100-dən çox əcnəbi tələbə iştirak etmişdir.
Azərbaycanlı tələbə Sabina Metcalf Novruz bayramının tarixi, əhəmiyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilmişdir.
Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının, Novruz şirniyyatının dadına baxmışlar.
Cəmiyyətin sədri Orxan Məmmədov və tələbə Ayan Əsgərli Azərbaycan milli rəqslərini məharətlə ifa emişlər. Azərbaycan mətbəxinin təamları və milli rəqslərimiz tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, “Ekzeter - Azərbaycan Cəmiyyəti” ötən ilin noyabrında universitətdə təhsil alan azərbaycanlı tələbə Orxan Məmmədovun təşəbbüsü ilə fəaliyyətə başlamışdır.
######