SİYASƏT
Böyük Britaniyanın Lordlar Palatasının üzvü: Azərbaycanda qadınların hüquqlarına xüsusi diqqət göstərilir
London, 29 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Manzilə Uddinin və Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə Parlamentdə "Diplomatiyada qadınların rolu" adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baronessa Uddin Azərbaycanda səfərdə olarkən ölkəmizə heyran olduğunu, Azərbaycan mədəniyyətinin zənginliyini və gözəlliyini xüsusilə vurğulayıb. Baronessa Azərbaycanda qadınların hüquqlarına göstərilən diqqət, eləcədə cəmiyyətimizdə tolerantlıq ənənələrini xüsusilə qeyd edib. Baronessa, həmçinin bu formatda toplantının keçirilməsinin həm Azərbaycan mədəniyyətinin yaxından tanıdılması, həm də dünyaya örnək tolerantlığın Azərbaycanda əsrlər boyu necə formalaşmasını tədqiq etmək baxımından çox faydalı olduğunu bildirib.
Öz növbəsində Azərbaycan səfirinin həyat yoldaşı Lalə Əbdürəhimova da çıxış edib. Qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan etnik mənsubiyyətindən və ya dinindən asılı olmayaraq hər bir vətəndaşımızın vahid Vətənidir. “Müxtəlif dinlərdən olan insanların Azərbaycanda əmin-amanlıq şəraitində birgə yaşamaları tolerantlığımızın və sülhpərvər olmağımızın bariz göstəricisidir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən Milli Məclisdə və diplomatik korpusumuzda xanımların sayı artmaqdadır və dövlətimiz buna xüsusi dəstək göstərir”,- deyə Lalə Əbdürəhimova söyləyb.
O, Azərbaycanın inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayıb. Bildirib ki, Mehriban xanım Əliyeva gənc qadınlar üçün nümunə və ilham mənbəyidir.
Həmçinin tədbirdə tanınmış Azərbaycanlı musiqiçi Səbinə Rakçeyeva Fikrət Əmirovun musiqisini ifa edib. Dünyaşöhrətli bəstəkarın irsindən söz açan S. Rakçeyeva Fikrət Əmirovun simfonik muğam formasının tanıdılmasında eləcə də, Azərbaycan musiqisinin sintezində əvəzolunmaz töhfəsindən danışıb.
Lordlar Palatasında keçirilən bu tədbirdə Britaniya Parlamentinin hər iki palatasının qadın üzvləri, o cümlədən Baş nazirin xüsusi ticarət elçisi Baronessa Nikolson, Londonda akkreditə olan qadın səfirlər və diplomatik korpusun üzvləri, eləcə də Azərbaycan, türk və digər icmaların fəalları iştirak ediblər.
London