SİYASƏT
Böyük Britaniyanın Mançester Universitetində Azərbaycan Günü keçirilmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təqaüdçülərin oxuduqları ali təhsil müəssisələrində ölkəmizə həsr olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halını almışdır.
Bunun üçün ARDNŞ tələbələri bütün lazımi materiallarla təmin edir, onlara hər cür dəstək verir. Bu silsilədən olan növbəti tədbir Böyük Britaniyanın Mançester Universitetində təşkil olunmuşdur.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təmsilçiləri, ARDNŞ-in bu ölkədəki nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, İnsan Resursları Departamentinin təlim və inkişaf şöbəsi rəisinin müavini Mahal Mehdiyev də iştirak etmişlər.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Vüsal Abdullayev iştirakçılara ölkəmiz haqqında məlumat vermiş, onun tarixi, iqtisadiyyatı, dünya birliyində yeri və rolu barədə danışmışdır.
Sonra Azərbaycan haqqında geniş təqdimatlar keçirilmişdir.
Tədbirdə təqaüdçü tələbələr tərəfindən muğam və milli rəqs nümunələri ifa olunmuş, keçirilən viktorinada sualları düzgün və dolğun cavablandıran dinləyicilərə hədiyyələr təqdim edilmişdir.
Sonda azərbaycanlı tələbələr birlikdə “Sarı gəlin” xalq mahnısını ifa etmişlər.