REGİONLAR
Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün – 15 İyun
Naxçıvan, 14 iyun, AZƏRTAC
Azərbaycan xalqının taleyində xüsusi əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcəyini müəyyən edən başlanğıcların əsası qoyulub. Müxtəlif günlərdən ən önəmlisi dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunudur.
“Naxçıvan” Univeristetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri “Xalqımızın şərəfli tarixi: 15 İyun – Milli Qurtuluş Günü” mövzusunda keçirilən elmi konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva deyib. Rektor bildirib ki, Milli Qurtuluş Günü, sadəcə, təqvimimizdə qeyd olunan bayramlardan biri deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Belə ki, iyunun 15-i xalqımızın çətinliklərdən qurtulduğu, güclü bir dövlətin bünövrəsinin qoyulduğu, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi əlamətdar edən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevdir.
Rektor qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderin olmasını şərtləndirirdi. Belə bir şəraitdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycanı bəlalardan, müsibətlərdən xilas etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaq”, – deyən Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində yalnız ölkəsi, xalqı üçün yaşadı.
Bu gün ulu öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyən rektor həmin siyasətin ən əhəmiyyətli uğurlarından biri kimi İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbəni xatırladıb.
“Naxçıvan” Universitetinin müəllimi Rəna Qurbanova çıxışında bildirib ki, ağır dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Sonda Ulu Öndərə həsr olunan videoçarx nümayiş etdirilib.