CƏMİYYƏT
“Böyük qayğı” proqramının onlayn təqdimatı keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən “Böyük qayğı” proqramının onlayn təqdimatı keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə edərək onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara rəğbətini əməldə göstərməkdir. Proqrama əsasən, seçilmiş şəhər və rayonlar üzrə formalaşdırılacaq mobil könüllü qrupları gündəlik əsaslarla qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkili nəzərdə tutulur.
Təqdimatda Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri, qazilər və 200-dən artıq gənc iştirak edib. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tarixi Qələbəsi, həmçinin dövlətimizin başçısının tapşırığı əsasında müxtəlif dövlət qurumları tərəfindən Vətən müharibəsi iştirakçılarının dəstəklənməsi ilə bağlı görülən işlərdən danışıblar. Bu baxımdan gənclər tərəfindən qazilərimizə birbaşa sosial xidmət göstərmək imkanı yaradan “Böyük qayğı” proqramına dəstək ifadə olunub.
Tədbirdə gənclərlə interaktiv müzakirələr təşkil edilib və proqramda iştirakla bağlı müraciətlər qeydiyyata alınıb. Proqrama cəlb olunan bütün könüllülər sosial həssas qruplarla işləmək bacarığı ilə bağlı təlimlərdə iştirak edəcək və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin ediləcəklər.
“Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, Azərbaycanın şanlı zəfər tarixinin gənclər arasında təbliği, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir. Təşkilat fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda, müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub.
“Böyük qayğı” proqramına qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və İctimai Birliyin sosial media hesabları vasitəsilə əlaqə yarada bilərlər.