SİYASƏT


Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarından danışılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin tanınmış “RiT” telekanalına (Rede Internacional de Televisão) müsahibə verib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomat müsahibəsində Ermənistanın sentyabr ayından başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlardan danışıb.

Bildirilib ki, 30 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycanın və beynəlxalq aləmin bütün sülhməramlı cəhdlərinə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə dair bütün təklifləri rədd edərək, yeni müharibənin başlanması üçün təxribatlara əl atıb. Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı mübarizənin beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə söykəndiyini deyən səfir Poluxov bunun əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və təşkilatın Əsasnaməsinin dayandığını söyləyib.

Bu müharibənin dini əsaslarının olub-olmaması ilə bağlı suala cavab verən E.Poluxov təcavüzün sırf işğalçılıq və ərazi iddiaları məqsədini güddüyünü vurğulayıb, Azərbaycanda çoxsaylı millətlərin və dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığını, Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanıldığını bildirib.

Braziliyanın münaqişə ilə bağlı mövqeyinə gəldikdə, vurğulanıb ki, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Ermənistan rəhbərliyinin mülki əhalini daim hədəfə aldığını söyləyən səfir bunun dünya ictimaiyyətinin göz qarşısında baş verdiyini vurğulayaraq, beynəlxalq aləmi münaqişəyə biganə qalmamağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.