CÜMHURİYYƏT - 100
Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfirliyinin, Qoya Ştatının paytaxtı Qoyaniya şəhərindəki Kora Karolina Mədəniyyət Mərkəzinin, Ştatın Hökumətinin, mədəniyyət, təhsil və idman katibliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş fotosərgi keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.
Kora Karolina Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfir Elxan Poluxov çıxış edərək deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Bu yubiley Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bildirib ki, Azərbaycan ilə Qoya Ştatı arasında çoxlu oxşarlıqların olması müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaradır.
E.Poluxov qeyd edib ki, fotosərgidə təqdim edilən rəsmlər Azərbaycanın məşhur rəssamlarının əsərləridirlər və ölkənin bölgələrinin, paytaxt Bakı şəhərinin müxtəlif görüntülərini əhatə edir. Səfir əmin olduğunu deyib ki, sərgi Qoya Ştatının Qoyaniya şəhərində Azərbaycanın keçmişi və gələcəyi haqqında daha çox məlumatın yayılmasına xidmət edəcəkdir. Qeyd edib ki, bu gün Azərbaycan Qafqaz regionunda aparıcı iqtisadi gücə malikdir və Braziliya ilə siyasi, iqtisadi və mədəni sahələrdə sıx əlaqələri olan ölkədir.
Qoya Ştatı Qubernatorunun nümayəndəsi Lusiano Dantes Azərbaycan səfirini Ştatda görməkdən məmnun olduğu deyib, bu kimi tədbirlərin münasibətləri daha da genişləndirəcəyini deyərək, qonaqlara Azərbaycan ilə Qoya Ştatı arasında olan əlaqələr haqqında danışıb.
Qubernatorluğun beynəlxalq əlaqələr şöbəsinin müdiri Amiraldo dos Santos Azərbaycan haqqında ətraflı məlumatı ehtiva edən fotosərgiyə görə təşəkkürünü bildirib, Ştat Qubernatorunun fotosərginin açılışına dair təbrik məktubunu iştirakçılara oxuyub.
Sonda qonaqlara müxtəlif təamlar təqdim edilib.