REGİONLAR
Bruselyozun qarşısının alınması və kökünün kəsilməsi strategiyasına dair seminar keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə Dəstək" Tvinninq layihəsi çərçivəsində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar keçirilib.
DBNX-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə reallaşıb.
Seminarda Tvinninq layihəsini həyata keçirən Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirliklərinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Dünya Bankının, ACİP layihəsinin, Səhiyyə Nazirliyinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin İdentifikasiya və təsərrüfatların qeydiyyatı sektorunun müdiri Ramiz Salmanov açaraq, həyata keçirilən Tvinninq layihəsinin məqsədindən və ölkədə bruselyoz xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Həmçinin qeyd edib ki, hazırda iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri, eləcə də heyvanlardan bruselyoza görə qan alınaraq seroloji müayinələr aparılır. Bu tədbirlərin gələcəkdə də davamlı olaraq aparılacağını qeyd edən sektor müdiri əminliklə bildirib ki, Aİ-nin və beynəlxalq ekspertlərin verdiyi tövsiyələr və aparılan tədbirlər nəticəsində yaxın illərdə Azərbaycanda insanların və heyvanların bruselyoz xəstəliyinə yoluxması halı qeydə alınmayacaq.
Seminarda Fransanın ANSES laboratoriyasının şöbə müdiri Kler Ponsarinin “Heyvanlarda bruselyoz xəstəliyinin kökünün kəsilməsi: Fransa – 40 illik təcrübə” və “Azərbaycanda bruselyoz xəstəliyinə qarşı mübarizə: tövsiyələr, perspektivlər” mövzularında təqdimatlarla çıxış edib.
Sonda bruselyoz xəstəliyinə qarşı mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə işgüzar müzakirələr aparılıb.