RƏSMİ XRONİKA


Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib YENİLƏNİB-1 VİDEO

Brüssel, 6 aprel, AZƏRTAC

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin