İQTİSADİYYAT
Bu ay avtobusla 417 mindən çox sərnişin daşınıb
Bakı, 30 iyul, AZƏRTAC
İyulda avtobusla 417 mindən çox sərnişin daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2020-ci il martın 24-dən iyulun 24-dək olan tarixlər üçün “Pandemiya dövründə avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti və göstərilən xidmətlər” barədə apardığı monitorinqin nəticələrində deyilir.
Bildirilib ki, DANX-ın tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari il martın 3-də tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra martın 4-də avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişindaşımalarda orta hesabla təxminən 21 faizlik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 23-də qəbul edilmiş qərar əsasında Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında daşımalar istisna olmaqla ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti tam dayandırıldığından və əhalinin “icazə” tətbiq edilməklə hərəkəti məhdudlaşdırıldığından apreldə sərnişindaşımalarında stabil azalma olub və normal rejim ilə müqayisədə sərnişindaşımalarında təxminən 80 faizədək azalma müşahidə olunub.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları ilə apreldə 497 min 885, mayda 674 min 310, iyunda 590 min 20 sərnişin və iyulda 417 min 70 şərnişin olmaqla ümumilikdə 2 milyon 179 min 285 sərnişin daşınıb.