MƏDƏNİYYƏT
Bu dəfə rəssamlar Qusarda vətəni tərənnüm ediblər
Bakı, 7 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçirilib.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan plener rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.
Plenerdə 40-dək rəssam, o cümlədən 2017-ci ildə keçirilən “Vətənin tərənnümü” rəsm müsabiqəsinin qalibləri və mükafatçıları iştirak ediblər. Qusar plenerində iştirak edən rəssamların etüdləri “Xətai” Sənət Mərkəzində “Etüddən gəlirəm” adlı sərgidə nümayiş olunacaq.