ELM VƏ TƏHSİL


Bu gün 21 mindən çox abituriyent III ixtisas qrupu üzrə imtahan verəcək

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu imtahanlarda 21 min 35 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 2873 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 473 imtahan rəhbəri, 3748 nəzarətçi–müəllim, 380 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb edilib.

Qeyd edək ki, iyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21 min 35, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16 min 757 nəfər olmaqla, ümumilikdə 37 min 792 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.