İQTİSADİYYAT
Bu gün “Çıraq” yatağından hasilata başlanmasından 22 il keçir
İndiyədək “Çıraq” platformasından 99 milyon ton neft çıxarılıb
Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC
Noyabrın 7-si Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan, yəni “Çıraq” yatağından ilk neftin əldə olunmasından 22 il ötür.
“Çıraq” platforması Bakıdan şərqə doğru 120 kilometr (Səngəçal terminalından 160 kilometr) məsafədə, 120 metr dərinliyə malik sularda yerləşir. Bu, 24 quyunun (hasilat və suvurma) qazılması və istismarı üçün nəzərdə tutulmuş yaşayış bloklu hasilat və qazma (YBHQ) platformasıdır.
“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-a açıqlamasında deyib ki, platformada istismar qazma işlərinə1997-ci il avqustun 12-də başlanılıb və ilk neft “İlkin Neft Layihəsi” çərçivəsində həmin il noyabrın 7-də hasil edilib.
“Çıraq” platformasından hasil edilmiş ilk neft 1997-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin və bir qrup yüksəkvəzifəli xarici nümayəndələrin iştirakı ilə platformada rəsmi şəkildə qeyd olunub. Hasilata başlanandan bu ilin üçüncü rübünün sonunadək “Çıraq” platformasından ümumilikdə 732 milyon barrel, yəni təxminən 99 milyon ton neft (“Mərkəzi Azəri” və “Qərbi Azəri” platformalarından sonra 3-cü yerdədir) çıxarılıb. “Çıraq” platformasında gündəlik hasilat cari ilin üçüncü rübünün sonuna 41 min barrel təşkil edib. Hazırda platformada 14 işlək hasilat quyusu, 3 suvurma quyusu və bir şlamları laya vurma quyusu var. “Çıraq” platforması Səngəçal terminalına uzanan 24 düymlük neft boru kəmərinə və Neft Daşlarınadək 16 düymlük qaz boru kəmərinə malikdir. Platformanın göyərtəsində heyət sayı 111 nəfərdir”, - deyə B.Aslanbəyli vurğulayıb.
Qeyd edək ki, “Çıraq” yeni inşa olunmuş daha böyük və müasir platformalar istismara verilənə qədər, yəni 2005-ci ilədək AÇG yatağında yeganə hasilat və ixrac mənbəyi olub.
“Azəri-Çıraq-Günəşli” yataqlar bloku Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. AÇG yatağı 6 hasilat platformasından (“Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”) və ən müasir texnologiyalarla təchiz edilən 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir. Dənizdəki qurğulardan dünyanın ən böyük və ən səmərəli terminallarından biri olan, gündəlik 1,2 milyon barrelədək nefti qəbul və emal etmək gücünə malik Səngəçal terminalına neftin nəqli üçün Xəzər dənizinin dibi ilə mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi çəkilib.
Bu yataqlar blokunun işlənməsi çərçivəsində yeni inşa ediləcək “Mərkəzi-Şərqi Azəri” platforması üzrə hasilata 2023-cü ildə başlanması nəzərdə tutulur. Altı milyard dollar dəyərində olan həmin layihə üzrə quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin cari qrafikə əsasən 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcək. “Mərkəzi-Şərqi Azəri” layihəsi AÇG müqavilə ərazisində işlənmənin növbəti mərhələsini təşkil edir. Layihə suyun təxminən 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, 3 yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarətdir.
İşlənmənin əvvəlindən bu vaxtadək AÇG-dən 3,6 milyard barrel neft hasil olunub. Bu ilin 3-cü rübündə yataqlar blokunda 9 neft hasilatı quyusu qazılıb. Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etməklə gündəlik orta hesabla 541 min barrel və ya ümumilikdə təqribən 148 milyon barrel, yəni 20 milyon ton olub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. Bu yatağın əməliyyatçısı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.